Şumaxerin ilk qələbəsini qazandığı bolid satışa çıxarılır: Fantastik qiymətə – FOTOLAR
Yanvar ayının sonunda “Broad Arrows” auksion evi açıq hərraca Formula-1 bolidini çıxaracaq.
Aut.az xəbər verir ki, söhbət 1992-ci il mövsümündə “Benetton-Ford” komandasına məxsus 05 nömrəli şassidən gedir. Məhz bu avtomobildə Mixael Şumaxer karyerasındakı ilk qələbəsini qazanıb. Bolidin ilkin dəyəri 8,5 milyon avrodan yüksək qiymətləndirilir.
Yeddiqat dünya çempionu 1992-ci ildə Belçika Qran-prisini “Spa-Frankorşam” trasında məhz bu bolidin sükanı arxasında qazanmışdı. Həmin mövsümdə Şumaxer bu maşınla ümumilikdə beş mərhələdə iştirak edib və Kanada Qran-prisində ikinci yeri tutub.
“Benetton”un Formula-1-dən ayrılmasından sonra bolid “Renault Classic” kolleksiyasında saxlanılıb, daha sonra isə tam şəkildə bərpa olunaraq işlək vəziyyətə gətirilib.
Aut.az


