İspaniya

“Real”ın Vinisiusla danışıqlarında irəliləyiş: Hansı tərəf güzəştə gedir?

“Real” və Vinisius Junior yaxın həftələrdə futbolçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqları bərpa etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, hər iki tərəf braziliyalı vingerin 2027-ci ildə başa çatacaq mövcud müqaviləsindən sonra da klubda qalmasında maraqlıdır.

25 yaşlı futbolçu müqaviləsinin son 18 ayına daxil olub və bu da son dövrlərdə yaranmış gərginlik fonunda “Real” rəhbərliyini bu uzunmüddətli məsələnin həllini prioritetə çevirməyə vadar edib.

AS nəşrinin məlumatına görə, maliyyə tələbləri arasındakı fərq hazırda “Real”ın təklifi ilə Vinisiusun istəkləri arasında təxminən 15 faiz təşkil edir. Futbolçunun ilkin gözləntilərini aşağı salmasından sonra bu fərq klub daxilində aradan qaldırıla bilən hesab olunur.

Klublararası dünya çempionatından sonra danışıqların dayanmasına, baş məşqçi Xabi Alonso ilə münasibətlərdə problem olduğu iddialarına və “Santyaqo Bernabeu”da azarkeşlərin fitə basmasına baxmayaraq, “Real” ulduz vingerini saxlamaqda israrlıdır. Vinisiusun özü də uzunmüddətli perspektivdə Madrid klubunda qalmaq istəyir.

Danışıqların bərpası Vinisius üçün vacib bir dövrə təsadüf edir. Kilian Mbappenin zədə səbəbindən sıradan çıxması fonunda 2026-cı ilin ilk aylarında braziliyalının oyunu diqqətlə izləniləcək. Ondan daha böyük qol yükü gözlənilir və müsbət çıxışlar müqavilə ilə bağlı razılaşmanın əldə olunmasını sürətləndirə bilər.

Aut.az