“Onun film kimi hekayəsi var”
Keçmiş dünya çempionluğu iddiaçısı Dillian Uayt Fabio Uordlinin karyerasındakı sürətli yüksəliş barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Britaniyalı boksçu IFL TV-yə müsahibəsində Uordlinin keçdiyi yolun xüsusi olduğunu vurğulayıb.
“Mən onun üçün inanılmaz dərəcədə sevinirəm. Fabionun elə bir hekayəsi var ki, bu barədə kitab yazmaq və ya film çəkmək olar. Üstəlik, bu hekayə hələ bitməyib, qarşıda çox maraqlı hadisələr var. Bu, məmnuniyyətlə qəbul edəcəyim bir döyüşdür. Həmçinin onun Entoni Coşua ilə qarşılaşmasını istərdim – möhtəşəm bir döyüş olardı və məncə, Uordli qalib gələrdi. Yaxud Usiklə döyüş – görmək istədiyim iki əsas qarşılaşma məhz bunlardır”, — deyə Uayt bildirib.
Qeyd edək ki, Fabio Uordli Cozef Parkeri məğlub etdikdən sonra WBO versiyası üzrə müvəqqəti dünya çempionu statusunu qazanmışdı. Daha sonra ukraynalı boksçu Aleksandr Usikin tituldan imtina etməsi səbəbindən Uordli tam hüquqlu WBO dünya çempionu elan olunub.
