Dünya futbolu

Afrika Millətlər Kubokunun təşkili Mərakeşə nə qədər pul qazandıracaq?

Mərakeş Afrika Millətlər Kubokunun keçirilməsindən 450 milyon dollardan 1,2 milyard dollara qədər gəlir əldə edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatında bildirilir ki, Afrika Millətlər Kubokunun keçirilməsi turizm sektoruna müsbət təsir göstərəcək. Xüsusilə, Mərakeş əlavə olaraq 500 minlə 1 milyon arasında xarici turist qəbul edəcək. Otel sektoru, nəqliyyat, kafe və restoranların ümumi gəlirlərinin 450 milyon dollardan 1,2 milyard dollara qədər olacağı gözlənilir.

Qeyd olunur ki, Mərakeş matçların yayım hüquqlarının satışından da 22,5 milyon dollar gəlir əldə edəcək. KİV-in məlumatına görə, ölkə Afrika Millətlər Kubokuna hazırlıq çərçivəsində infrastrukturun qurulmasına təxminən 16 milyard dollar xərcləyib. Həmin stadionlarda 2030-cu il dünya çempionatının oyunları da keçiriləcək. Mundial Mərakeş, İspaniya və Portuqaliyada təşkil olunacaq.

Turnir 22 dekabrda start götürüb və 18 yanvarda başa çatacaq.