İbn Salman “Barselona”nın sahibi ola bilməyəcək: Detallar açıqlandı
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd İbn Salman “Barselona”nı almaq üçün 10 milyard avro məbləğində təklif hazırlayır.
Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito TV”-nin jurnalisti Fransua Qalyardo X sosial şəbəkəsində məlumat verib.
Qeyd olunur ki, bu məbləğ katalon klubunun təxminən 2,5 milyard avro olaraq qiymətləndirilən borcunu tam şəkildə bağlamağa imkan verə bilər.
Lakin “Goal.com” belə bir ssenarini real hesab etmir. Mənbə bildirir ki, “Barselona”nın tam şəkildə satılması mümkün deyil, çünki klubun uzun illərdir mövcud olan mülkiyyət modeli buna imkan vermir.
Klub üzvlərinə məxsusdur və idarəetmə ilə bağlı qərarlar, o cümlədən seçkilər, məhz onlar tərəfindən verilir. Bu isə o deməkdir ki, heç bir şəxs klubu tam olaraq əldə edə bilməz. Səudiyyə Ərəbistanının vəliəhdi nəzəri olaraq klubun ayrıca kommersiya strukturuna investisiya qoya bilər, lakin tam satınalma cəhdi struktur baxımından bloklanacaq. Hətta böyük maliyyə imkanlarına baxmayaraq, vəliəhd “Barselona”nın mülkiyyət modelini qoruyan bu baryerləri aşa bilməz.
Teorik olaraq klub mətbuatda “Real” üçün müzakirə edildiyi iddia olunan modelə bənzər addım ata bilər. Yəni futbol qərarlarına nəzarəti itirmədən, xarici investisiyaları cəlb edə biləcək ayrıca bir struktur yaradıla bilər. Lakin bu halda da vəliəhd “Barselona”nın sahibi olmayacaq.
Aut.az
