“Fənərbağça”nın qapıçısı icarədə olduğu kluba ultimatum verdi: Oynamayacağam
“Jirona”nın və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç heç bir halda klubunda oynamayacağını bildirib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” yazıb.
30 yaşlı futbolçu artıq rəhbərliyə məlumat verib ki, hətta start heyətinin qapıçısı Paulo Qassaniqa zədələnsə belə, meydana çıxmaq niyyətində deyil. O, klubdakı mövqeyindən narazıdır və buna görə də tezliklə ayrılmaq istəyir.
Maraqlıdır ki, Livakoviçin məşqdəki performansı da aşağı düşüb və mətbuatda yazılanlara görə, onun davranışı klub rəsmilərini qıcıqlandırır.
Livakoviçin meydançaya çıxmaq istəməməsinin digər və əsas səbəbi UEFA qaydalarıdır ki, ona bir mövsümdə üç klubda oynamağı qadağan edir və o, mövsümün əvvəlində “Fənərbağça”nın heyətində iki oyuna çıxdığından, “Jirona”da meydana çıxsa, başqa kluba transfer ola bilməz.
Xorvatiyalının “Jirona” ilə icarə müqaviləsi 2026-cı ilin yayına, “Fənərbağça” ilə müqaviləsi isə 2028-ci ilin yayına qədərdir.
Aut.az
