Tennis

Bukmeker kontorunun böyük məbləğdəki təklifini niyə rədd edib?

Fransanın keçmiş dünyanın dördüncü raketkası Karolin Qarsiya “Tennis Insider Club” podkastına mərc şirkətinin sponsorluğundan niyə imtina etdiyini izah edib.

Aut.az xəbər verir ki, o podkastı üçün bukmeker şirkətinin 270 min dollarlıq sponsorluq təklifindən imtina etdiyini bildirib. Bu, xüsusilə müstəqil idman şousu və peşəkar tennis karyerasını yeni bitirmiş biri üçün böyük məbləğdir. Lakin Qarsiya bunun səbəblərini belə açıqlayıb:

“Son iki ildə oyunçularla, məşqçilərlə, agentlərlə və idmançı valideynləri ilə keçirilən müsahibələrdə eyni mövzu tez-tez təkrarlanıb: mərc oyunları müasir idmanda təzyiqin, təhqirlərin və nifrətin əsas mənbələrindən birinə çevrilib. Top-10 ulduzlardan tutmuş ITF səviyyəsindəki tennisçilərə qədər hər kəsin bu barədə hekayəsi var. Matçdan sonra alinan təhqiramiz şəxsi mesajlar, uduzulan mərcə görə pulun geri qaytarılması tələbləri, hətta ölüm hədələri – bütün bunlar artıq idman yox, qumar səbəbindən baş verir”.

Qarsiya bildirib ki, “Tennis Insider Club” belə bir sistemə, insanların asılılığına və idmançıları gündəlik hədəfə çevirən təzyiq mühitinə dolayı yolla belə töhfə vermək istəmir:

“Mən “Tennis Insider Club”dan asılılığı artıran, həyatı məhv edən və idmançıları gündəlik hədəflərə çevirən sistemə dolayı yolla olsa belə töhfə verməsini istəmirəm. Bukmeker kontorları sponsorluğa milyonlar xərcləyir, çünki bu işləyir: diqqəti yayındırır, davranışa təsir edir və qumar oyunlarını normallaşdırır. Amma biz camaatımızın belə getməsini istəmirik.

Bizim missiyamız tennis dünyasından real hekayələr danışmaq, insanları ruhlandırmaq və idmanı həm idmançılar, həm də azarkeşlər üçün gözəl şəkildə inkişaf etdirməkdir. Bukmeker kontorlarının pulunu qəbul etmək bizi əks istiqamətə aparardı”.

Qarsiya əlavə edib ki, əgər idmançılar podkastda öz qorxularını, şübhələrini və psixoloji çətinliklərini açıq şəkildə bölüşməli olacaqlarsa, komanda onlara dəyərlərin pula üstün gəldiyini göstərməlidir.

“270 min dollar böyük məbləğdir. Amma uzunmüddətli, dürüst və idman üçün faydalı bir şey yaratmaq daha dəyərlidir. Biz bizim baxışlarımızı bölüşən, idmanı istismar etmədən onunla birgə böyümək istəyən partnyorlar tapacağıq”, — deyə Qarsiya qeyd edib.

Aut.az