“Toyota” bu komanda ilə müqavilə imzaladı
ABŞ komandası “Haas” “Toyota Gazoo Racing” ilə yeni titul sponsorluğu razılaşmasını rəsmi olaraq təsdiqləyib.
Aut.az xəbər verir ki, növbəti mövsümdən etibarən kollektiv Formula-1-də “TGR Haas” adı altında çıxış edəcək.
Tərəflər arasındakı əməkdaşlıq 2024-cü ilin payızında imzalanmış texniki tərəfdaşlıqdan sonra yeni mərhələyə yüksəlib. Komanda yeni sazişi birgə inkişaf strategiyasının məntiqi davamı adlandırıb.
Əməkdaşlığın vacib hissələrindən biri artıq TPC (ötənilki bolidlərin test edilməsi) adlı genişmiqyaslı sınaq layihəsi olub. Bu il ərzində Haas VF-23 bolidi ilə 14 test günü keçirib. Sükan arxasında Yapon sürücüləri Ryö Hirakava, Ritomo Miyata, Şo Çuboi və Kamui Kobayaşi əyləşib. Onların hamısı TGR proqramı ilə bağlıdır. 2026-cı ildən etibarən bu istiqamət rəsmi şəkildə TGR Haas pilot inkişaf proqramı adlanacaq.
Komandanın rəhbəri Ayao Komatsu bildirib ki, Toyota ilə tərəfdaşlıq təkcə testlərlə məhdudlaşmır və Banberi şəhərindəki komandanın infrastrukturunu, personalını və simulyator bazasını da əhatə edir.
Toyota korporasiyasının rəhbəri qeyd edib ki, bu razılaşma TGR-in gənc pilotları və mühəndisləri üçün yeni səhifə açır və onların dünya səviyyəsinə çıxmasına imkan verəcək.
VF-26 bolidinin rəsmi təqdimatı 23 yanvarda onlayn keçiriləcək, bundan sonra komanda Barselona-Katalunya trasında beşgünlük xüsusi testlərə yollanacaq.
Aut.az
