Ölümündən sonra beynini tədqiqat üçün bağışlayacaq
Dünyanın ən titullu hokkeyçilərindən biri olan Heyli Vikenhayzer ölümündən sonra beynini elmi araşdırmalara bağışlamağa hazır olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə o, İsveçin “Expressen.se” nəşrinə müsahibəsində danışıb.
“Mənə ölümümdən sonra beynim lazım olmayacaq. Əgər onu tədqiqatlar üçün istifadə etmək mümkündürsə, məmnuniyyətlə bağışlayaram. Bu, çox şəxsi qərardır. İnsanlar bədənləri ilə nə etmək istəyirlərsə, bu, onların seçimidir. Mənim üçünsə, tibbdə və elit idmanda qazandığım təcrübə, eləcə də elmə marağım belə bir ehtiyacın mövcud olduğunu göstərir”, – deyə Vikenhayzer bildirib.
O, qadınların kontakt idman növlərində iştirakı ilə bağlı araşdırmaların azlığını da vurğulayıb:
“Qadın sağlamlığı ümumilikdə kifayət qədər maliyyələşdirilmir və öyrənilmir. Hokkey, reqbi və futbol kimi idman növlərində çoxsaylı beyin silkələnməsi hallarına rast gəlinir. Bizdə çoxlu məlumat var, lakin onların əksəriyyəti kişilərin sağlamlığı ilə bağlı tədqiqatlardan gəlir”.
47 yaşlı keçmiş hokkeyçi hazırda NHL klublarından olan “Toronto Maple Leafs” komandasının heyətində çalışır. O, oyunçu karyerası ərzində Kanada, ABŞ, Finlandiya və İsveç klublarında çıxış edib.
Kanada millisinin heyətində 4 dəfə (2002, 2006, 2010, 2014) Olimpiya çempionu olub, 7 dəfə də dünya çempionu titulunu qazanıb.
2019-cu ildə Beynəlxalq Xokkey Federasiyasının (IIHF) Şöhrət Zalına, üç il sonra isə Kanada İdman Şöhrət Zalına daxil edilib.
Aut.az
