Digər

Üçqat Olimpiya çempionu təsdiqlədi: Mövsümün sonunda…

Çexiyalı sürətli konkisürən Martina Sablíkova təsdiqləyib ki, 2025/26 mövsümü onun karyerasındakı sonuncu olacaq.

Aut.az xəbər verir ki, o, Olimpiya Oyunlarından sonra mart ayında Niderlandda keçiriləcək çoxnövçülük üzrə dünya çempionatında da iştirak edəcək. Bu barədə idmançı *Idnes.cz* nəşrinə danışıb.

“Mənim idman həyatım çox sürətlə keçdi və indi onunla vidalaşmalıyam. Bu məni çox kədərləndirir. Bu il əsas diqqətim fiziki formada yox, psixoloji vəziyyətdə olacaq. 25 ildən sonra idmandan ayrılmaq mənim üçün çox çətindir. Əgər Olimpiadaya vəsiqə qazana bilsəm, çox xoşbəxt olacam. Oyunlarda “ilk onluğ”a düşmək istəyirəm, yəni məqsədlərim çox sadədir. Ən vacibi mövsüm boyu sağlam qalmaqdır.

Mən mütləq ilk dörd Dünya Kuboku mərhələsində çıxış edəcəyəm, çünki onlar Olimpiadaya seçmə yarışlardır. Sonra Polşadakı Avropa Çempionatının hazırlıq planımıza necə uyğunlaşacağını görəcəyik. Milan-2026-dan əvvəlki son sınaq İnçeldəki Dünya Kuboku olacaq və biz orada da yarışacağıq. Olimpiadadan öncə müəyyən yarış təcrübəsi toplamaq yaxşı olar”, — deyə 38 yaşlı Sablíkova bildirib.

Karyerası ərzində Martina üçqat Olimpiya çempionu olub. Vankuver və Soçidə 5000 metr məsafədə, həmçinin 2010-cu ildə 3000 metrdə qızıl medal qazanıb. Pxonçxan-2018-də 5000 metrdə gümüş, dörd il sonra isə öz sevimli məsafəsində bürünc medal əldə edib.

Aut.az