Beş oyundan sonra nə olacağını hamısı bilir: Qvardiola kimləri ələ saldı?
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 5 oyundan sonra Premyer Liqa çempionluğuna əsas iddialılar haqqında nəticə çıxaran futbol mütəxəssislərini tənqid edib.
Aut.az xəbər verir ki, Qvardiola bu barədə mətbuat konfransında deyib:
“İlk iki və ya üç matçdan sonra onlar bizim Premyer Liqa çempionluğu yarışından mütləq kənarda qaldığımızı deyirdilər. İndi, deyəsən, “Liverpul”u siyahıdan silirlər. Amma sizə deyim, onlar geri qayıdacaqlar.
Bütün ekspertləri, mütəxəssisləri, keçmiş oyunçuları tanıyıram. Beş oyundan sonra nə olacağını hamısı bilir, amma mən belə bir şey proqnozlaşdıra bilmirəm. Mən həmişə 10-15 oyundan sonra vəziyyətlə bağlı aydın təsəvvür əldə etmək üçün gözləyirəm.
Düşünürəm ki, “Liverpul” və “Arsenal”ın yarışda olduğu aydındır. Bu yarışda başqası da olacaq. Ümid edirəm ki, bu, biz olacağıq”.
Premyer Liqanın səkkiz turundan sonra “Arsenal” 19 xalla birinci yerdədir. “Mançester Siti” 16 xalla ikinci, “Liverpul” (15) isə üçüncüdür.
Aut.az
