Formula 1

Mixael Şumaxerin son durumu açıqlandı

Fransanın “L’Équipe” nəşrinin jurnalisti Stefan L’Ermitt alman pilot, “Formula-1”in yeddiqat çempionu Mixael Şumaxerin sağlamlıq vəziyyətinin bir qədər yaxşılaşdığını bildirib.

Aut.az xəbər verir ki, Şumaxer ağır baş-beyin travmasından sonra uzun müddətdir reabilitasiya keçərək sağalmağa çalışır.

“Deməzdim ki, hər şey yaxşıdır, amma, bəlkə də, vəziyyəti bir qədər yaxşılaşıb. Bununla belə, biz dəqiq heç nə bilmirik. Yeganə etibarlı məlumatlar onun ailəsindən gəlir və bu çox vacibdir, çünki ailədən gələn xəbərlər həmişə müsbət olur. Xaricdən yayılan məlumatların dəyəri azdır”, – deyə jurnalist bildirib.

Aprel ayında Şumaxer həyat yoldaşı Korinnanın köməyi ilə xeyriyyə hərracı üçün dəbilqəsini imzalayıb. Jurnalistin fikrincə, bu hadisə müsbət əlamət kimi qiymətləndirilə bilər:

“Bu il o, xeyriyyə tədbiri üçün bir dəbilqə imzaladı. Bəlkə arvadı onun əlini tuturdu. Bunu dəqiq bilmirik. Amma bu, ilk dəfədir ki, biz müsbət siqnal, demək olar ki, həyat əlaməti aldıq. Bununla belə, o, hələ də gəzmir və görünür, danışa bilmir”.

Xatırladaq ki, Şumaxer 2013-cü ildə Fransız Alp dağlarında xizək sürərkən ağır beyin travması almışdı. O, uzun müddət komada qalıb və süni tənəffüs aparatına qoşulmuşdu. Pilotun ailəsi onun hazırkı vəziyyəti barədə təfərrüatları ictimaiyyətə açıqlamır.

Aut.az