Dünya futbolu

“Ronaldo tibbin qanunlarına meydan oxuyur”

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Co Koul 40 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldodan danışıb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“O, tibbin qanunlarına meydan oxuyur. Xatırlayıram, o 35 yaşında olanda demişdim ki, ən azı 45 yaşına qədər oynayacaq. Hamı elə bilirdi ki, dəli olmuşam. Mən isə cavab verirdim ki, görərik, o hələ də qol vuracaq. Bu, sadəcə, inanılmazdır. Bəli, onun oynadığı liqanı çox tənqid edirlər, amma karyerasını uzatmaq istəyirsə, bunu Premyer Liqa, La Liqa və ya Bundesliqada edə bilməz. O, Səudiyyə Ərəbistanı liqasında çıxış edir və hələ də qol vurmaqda davam edir.

Portuqaliya millisində oynayanda isə rəqiblərin təxminən 85 faizinə qarşı əvvəlki qədər fiziki güc sərf etməsinə ehtiyac qalmır. Sadəcə, onu qapı qarşısına qoy, yenə də qol vuracaq. Təəssüf ki, İrlandiya üçün bu, pis xəbərdir. Düşünürəm ki, Portuqaliya 4:0 hesabı ilə qalib gələcək”.

Ronaldo 2023-cü ildən “Əl-Nəsr” klubunda çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Aut.az