Həbs olunan futbolçunun vəkili danışdı: Cinayətkar deyil
“Lokeren Temza” klubunun futbolçusu Raca Nainqqolanın vəkili Ömər Suidi bildirib ki, Belçika millisinin sabiq yarımmüdafiəçisi narkotik qaçaqmalçılığı ilə əlaqəsini inkar edir.
Yanvarın 27-də Belçika hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 36 yaşlı idmançını saxlayıblar.
“O, bununla bağlı hər hansı əlaqəni inkar edir. Racanın tezliklə “Lokeren”də oynayacağını gözləyirəm. Ona hələ də ittiham irəli sürülməyib. Sadəcə bir neçə suala cavab verməli olması onun bu işə aidiyyəti olması anlamına gəlmir. Dindirildi, əməkdaşlıq etdi, indi hakimi gözləyirik. Raca cinayətkar deyil, futbolçudur”, – deyə Suidinin sözlərini “Corriere dello Sport” sitat gətirib.
Nainqqolan İtaliyanın “Kalyari”, “Piyaçensa”, “İnter”, “Roma”, SPAL və Belçikanın “Antverpen” klublarında çıxış edib. Raca “İnter”lə İtaliya çempionu, “Antverpen”lə isə Belçika çempionudur.
Aut.az
