Çempionlar Liqasının formatı yenidən dəyişdirilir? – “Real” və “Barselona”nın Superliqa planı reallaşır
Avropa Superliqasının nümayəndələri, “Real”, “Barselona” və UEFA son səkkiz ay ərzində bir sıra danışıqlar aparıblar.
Aut.az xəbər verir ki, hazırda tərəflər hamını qane edəcək bir razılığa yaxınlaşır və bu da inqilabi layihənin reallaşmasının qarşısını ala bilər. Bu baərdə “Mundo Deportivo” məlumat yayıb.
Superliqa mövcud Çempionlar Liqasının formatına yalnız iki dəyişiklik təklif edir. Birincisi, layihəni təmsil edən A22 şirkəti oyunların yayımlanması üçün pulsuz platforma yaratmaq, eyni zamanda reklamsız versiya üçün pullu abunə təqdim etmək istəyir.
İkinci dəyişiklik isə minimal format yeniliyi ilə bağlıdır. Belə ki, əsas mərhələyə vəsiqə qazanan 36 komanda iki qrupa bölünəcək. UEFA reytinqində ilk 18-likdə olan klublar bir-birilə 8 oyun keçirəcək, 19–36-cı yerlərdəki komandalar isə öz aralarında oynayacaqlar.
İlk qrupun ən yaxşı 8 komandası birbaşa 1/8 finala vəsiqə qazanacaq, hər iki qrupun daha 8 ən yaxşı klubu isə 1/16 finalda mübarizəni davam etdirəcək.
Bildirilir ki, UEFA ilə Superliqa arasında münasibətlər əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bundan əvvəl “Barselona”nın UEFA-dakı dəyişiklikləri müsbət qiymətləndirdiyi və artıq Superliqa ideyasını aktiv şəkildə müdafiə etmədiyi xəbəri yayılmışdı.
Aut.az
