Paralimpiya Komitəsinin ruslarla bağlı qərarı qəzəb doğurub: Əxlaqsızlıqdır
İdmana da nəzarət edən Latviyanın təhsil və elm naziri Datse Melbarde Beynəlxalq Paralimpiya Komitəsinin ruslara və belaruslara milli rəmzlər altında yarışmağa icazə verməsi ilə bağlı qərarına münasibət bildirib.
Aut.az xəbər verir ki, onun sözlərini “Sportacentrs.com” sitat gətirib.
“Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının 2026-cı il Qış Paralimpiya Oyunlarında iştirak hüquqlarını bərpa etmək qərarı əxlaqsızlıq, rüsvayçılıq və qəbuledilməzdir. Bu, təkcə Ukrayna xalqına qarşı təhqir deyil, həm də beynəlxalq idman ictimaiyyətinin vicdanına ləkədir.
Ukraynada uşaqların öldüyü və minlərlə insanın Rusiyanın səbəb olduğu müharibə ucbatından əlil olduğu bir vaxtda komitə müharibəyə, işğala və kobud insan hüquqları pozuntularına məhəl qoymayaraq təcavüzkar dövlətlərin beynəlxalq arenaya qayıtmasını faktiki olaraq legitimləşdirir”, – Melbarde bildirib.
Siyasətçi qeyd edib ki, keçmiş hərbi cinayətkarlar Rusiyanı Paralimpiya Oyunlarında təmsil edə bilərlər.
“Əgər bu qərar ləğv edilməsə, işğalçı dövlətlərin nümayəndələri, o cümlədən keçmiş hərbçilər və muzdlular bu müharibədə zərər çəkmiş ukraynalılarla birlikdə öz ölkələrinin bayraqları altında səhnəyə çıxacaqlar. Təcavüzkar normallaşa bilməz”, – Latviya naziri bildirib.
Melbarde əlavə edir ki, ölkəsi IPC-nin bu qərarı ləğv etməsi üçün hər şeyi edəcək.
“Latviya artıq Latviya Paralimpiya Komitəsi, idman federasiyaları və Baltikyanı və Skandinaviyanın tərəfdaş ölkələri ilə bu qərarın dərhal ləğvinə çağıran birgə, qəti və əlaqələndirilmiş fəaliyyət barədə razılığa gəlmək üçün məsləhətləşmələrə başlayıb”, – o yekunlaşdırıb.
Aut.az
