Runi sükutu pozdu: Bu, “Mançester Yunayted” deyil
“Mançester Yunayted”in tarixində ən yaxşı bombardir olan Ueyn Runi uğursuz nəticələr fonunda sabiq klubunu sərt şəkildə tənqid edib.
Aut.az xəbər verir ki, o, Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşan komandanın ünvanın kəskin fikirlər səsləndirib:
“Mançester Yunayted”də nə baş verir? Bu, “Mançester Yunayted” deyil. Mən bu klubu tanımıram. Mən qələbə üçün mübarizə aparan, xarakter göstərən, qalibiyyət arzusu olan futbolçuları görmürəm. Nə ustalıq, nə də qalib futbolçular var. Mənim ayağa qalxmağıma səbəb olacaq heç nə yoxdur. Oyuna gedəndə artıq komandadan ya məğlubiyyət, ya da güclə bir xal gözləyirəm.
Mənə bu klub biganə deyil. Mən burada 13 il keçirmişəm və baş verənlər düzgün deyil. Və söhbət yalnız baş məşqçidən getmir. Mən elə oyunçular görürəm ki, bu formanı geyinməyə layiq deyillər. Bu isə ağrılıdır. Baş verənlər qəbuledilməzdir. Sahibkarlar aydın mövqe ortaya qoymalıdır. İstər Qleyzerlər, istərsə də ser Cim Ratkliff. Klubun hara getdiyini anlamaq lazımdır. Hazırda isə hamımız sadəcə hər şeyin nə vaxt dağılacağını gözləyirik”.
Aut.az
