Məhkəmə qərar verdi: Alves bu kluba təzminat ödəyəcək
Braziliyalı futbolçu Dani Alves Meksikanın “Pumas” klubuna təzminat ödəməli olacaq.
2023-cü ildə Meksika komandası braziliyalı müdafiəçinin zorlama ittihamı ilə həbs olunduğu xəbəri yayıldıqdan sonra onunla müqaviləyə xitam verdi. İki il sonra “Pumas” İdman Arbitraj Məhkəməsinə (CAS) dəymiş ziyanı ödəmək üçün iddia qaldırdı.
Aut.az xəbər verir ki, Kataloniya Ali Məhkəməsi təcavüz işində “Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisinə dəlil olmaması səbəbindən bəraət qazandırsa da, CAS “Pumas”ın tərəfini tutub.
“CAS FİFA Mübahisələrin Həlli Palatasının 15 may 2024-cü il tarixli qərarını ləğv edərək klubun xeyrinə qərar verib. Klubla müqaviləsinə xitam verilməsinin üzrlü səbəblərə görə əsaslandırıldığını təsdiqləməklə yanaşı, Alves kluba dəymiş ziyana görə kompensasiya kimi FİFA limitini aşan məbləği ödəməyə borclu olacaq”, – “Pumas” açıqlamasında bildirib.
Aut.az
