Faciəvi qəzanın qurbanı oldu
İtaliyalı dağ xizəkçisi Matteo Françozo faciəvi şəkildə həyatını itirib.
Aut.az xəbər verir ki, o, milli komanda ilə birlikdə Santyaqoda məşq zamanı baş verən bədbəxt hadisənin qurbanı olub.
İdmançı şənbə günü Çilinin paytaxtından 50 km aralıda yerləşən La-Parva yamacında yıxılaraq kəllə-beyin travması və beyin ödemi alıb. Sentyabrın 16-da 26 yaşı tamam olmalı olan Françozo ilk kiçik tramplini keçə bilməyib və trasdan çıxaraq iki tor baryeri aşdıqdan sonra 6–7 metr kənarda yerləşən hasara çırpılıb.
O, dərhal reanimasiya şöbəsinə çatdırılıb, süni koma vəziyyətinə salınıb və intubasiya olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, Françozonun orqanizmi ağır xəsarətlərin nəticələrinə tab gətirməyib və idmançı iki gün sonra dünyasını dəyişib.
Matteo Françozo Dünya Kubokunda debütünü 2021-ci ilin sonunda etmişdi. Ümumilikdə 17 mərhələdə iştirak edib. 2022/23 mövsümünün sonunda isə İtaliya çempionatında dağ xizək kombinasiyasında qalib olmuşdu.
Aut.az
