İngiltərə

Transfer rekordu üçüncü dəfə qırıldı

“London Siti” fransalı futbolçu Qreys Qeyoronu transfer etməklə qadın futbolunda tarixi rekorda imza atıb.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İngiltərə Superliqasının debütantı bu keçid üçün PSJ-yə 1,4 milyon funt sterlinq ödəyib.

Bu məbləğ ötən ay “Orlando Prayd” klubunun meksikalı Lizbet Ovalleyə görə “Tiqres UANL”-a verdiyi 1,1 milyon funt sterlinqdən də çoxdur. Beləliklə, bu yay qadın futbolunda transfer rekordunun artıq üçüncü dəfə yeniləndiyi bildirilir. Daha əvvəl “Arsenal” “Liverpul”dan Oliviya Smiti almaq üçün 1 milyon funt ödəmişdi.

Qeyoro “şirlər”in 16-cı yeni futbolçusu olub. Klubun əsas sponsoru amerikalı biznesmen Mişel Kanqdır. O, həmçinin “Vaşinqton Spirit” və Fransanın “Lion” qadın komandalarının da əsas sahibidir.

28 yaşlı yarımmüdafiəçi Fransa millisində 103 oyun keçirib və 22 qol vurub. O, iki dünya çempionatında, iki Avropa çempionatında və 2024 Olimpiya Oyunlarında iştirak edib.

“London Siti” elitaya yüksəldikdən sonra artıq “Barselona”dan Yana Fernandes, “Lion”dan Daniyel van de Donk, “Mançester Yunayted”in sabiq kapitanı Keti Zelem və İngiltərə millisinin hücumçusu Nikita Periss kimi tanınmış futbolçularla da müqavilə bağlayıb.

Aut.az