Şamaxıda xorla “Qarabağ” haqda bu sözləri deyəcəklər
3 gündən sonra, avqustun 31-də “Qarabağ” Şamaxıya gedir. Yox, “Şamaxı” ilə oynamayacaq. Şamaxıda Yevlaxın “Karvan”ı ilə qarşılaşacaq.
Yevlaxda stadion bərbaddır. Qonşu rayonlarda isə stadion adına nəsə yoxdur. Ona görə də “Karvan” ev oyunlarını Şamaxıda keçirir. Şamaxıdakı stadion da elə stadion olmayan yerdə stadiondur ha. Süni örtüklü zəhərdir. Bu istidə orada nəfəs almaq da olmur. Əslində stadion yox, bəladır, futbolçuların zədələnməsi üçün münbit vasitədir.
İndi SSRİ-dən qalma “alabaş” avtobusları yığasan “Şamaxinka”ya, sosial şəbəkə qəhrəmanlarını, “Qarabağ”dan ÇL-i qazanmağı tələb edənləri basasan o avtobuslara, aparasan Şamaxıya. Deyəsən ki, hə, oturun futbola baxın. Bir azdan da soruşasan ki, bu ölkənin, bu çempionatın komandası ÇL-də oynamalıdır, ya yox? İnanın mənə, üz-gözlərindən tər axa-axa, nəfəsləri darala-darala xorla deyəcəklər: “Yox, oynamamalıdır”.
Gedin Şamaxıya. Orada Yevlaxın komandası ev oyununda “Qarabağ”ı qəbul edəcək. Gedin və reallığın necə olduğunu görün.
Natiq Muxtarlı
