Samir Abasovun bəyənmədiyi futbolçu 3 dəfə artıq məvacibə “Neftçi”də necə peyda olub? – ŞOK DETALLAR
“Neftçi”nin yay transferlərindən biri olan Mark Tamaş daha əvvəl başqa bir Azərbaycan klubuna təklif olunub.
Aut.az-ın əldə etdiyi məlumata görə, macarıstanlı müdafiəçinin menecerləri onun “ağ-qaralar”dan əvvəl “Sumqayıt”a transfer olunması üçün çalışıblar. Futbolçunu aylıq 5 min dollar məvaciblə “kimyaçılar”a təklif ediblər.
Ancaq bu transfer baş tutmayıb. Çünki komandanın baş məşqçisi Samir Abasov “bu qiymətə daha yaxşı seçimlərim var”, – deyərək Tamaşın xidmətindən imtina edib.
Nə qədər qəribə olsa da, bir müddət sonra o, başqa bir kluba – “Neftçi”yə təklif olunub. Bu, Adrian Mutunun “ağ-qaralar”a gəlişindən sonra reallaşıb. Rumın mütəxəssis Markı ölkəsindəki “Sepsi” klubundakı çıxışlarından tanıdığından, bu keçidə müsbət cavab verib.
Nəticədə onunla 2 illik müqavilə imzalanıb. Amma Tamaşın “Neftçi”də aylıq maaşı 5 min dollar deyil daha çoxdur. O, “ağ-qaralar”la 3dəfə çox, 15 min dollar məvacibə anlaşıb.
Maraqlıdır ki, 5 min dollara “Sumqayıt”ı razı sala bilməyən menecerləri onu “Neftçi”yə daha yüksək məbləğə necə transfer edə biliblər?
Qeyd edək ki, “Neftçi”nin əsas sponsoru SOCAR-dır. Yəni bu komanda xalqın vəsaiti hesabına maliyyələşir.
Aut.az
