Boks

Boksçu titul döyüşündən bir neçə gün sonra öldü

Yaponiyanın peşəkar boksçusu Şiqetosi Kotari titul uğrunda döyüşdən bir neçə gün sonra 28 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, Kotari 6 gün əvvəl Yamato Hato ilə titul uğrunda mübarizə aparmaq üçün rinqə çıxıb. Döyüş heç-heçə başa çatıb. Şiqetosi döyüş zamanı çoxsaylı kəllə-beyin travması alıb və subdural hematoma səbəbindən təcili beyin əməliyyatı keçirmək üçün xəstəxanaya çatdırılıb.

Kotariyə kraniotomiya tələb olunub ki, bu əməliyyat yapon boksçunu ölkənin qanunlarına əsasən avtomatik olaraq karyerasını bitirməyə məcbur edir. Prosedurdan iki gün sonra Yaponiya Boks Komissiyası onun müşahidə altında qaldığını təsdiqləyib.  Avqustun 9-na keçən gecə komissiya onun ölümünü elan edib.

“Rinqdəki döyüşçü. Ruhlu döyüşçü. Çox tez getdi. Düşüncələrimiz və dualarımız onun ailəsi, komandası və bütün yapon boks ictimaiyyəti ilədir”, – bəyanatda deyilir.

Aut.az