MLS Messi və Albanı cəzalandırdı: Liqa onun gözündən düşəcək
MLS-in (ABŞ və Kanada Futbol Liqası) rəhbərliyi Lionel Messi və Xordi Albaya bir oyunluq diskvalifikasiya tətbiq edib.
Aut.az xəbər verir ki, qərarın səbəbi onların bu həftə baş tutan MLS Ulduzlar Matçında iştirak etməməsidir. Liqanın qaydalarına əsasən, bu oyun üçün öncədən liqa ilə razılaşdırılmadan iştirakdan imtina edən futbolçular növbəti klub matçında meydana çıxa bilməz. Nəticədə Messi və Alba, 27 iyul tarixində baş tutacaq “Sinsinnati” ilə qarşılaşmada “İnter Mayami”yə kömək edə bilməyəcəklər.
MLS-in rəhbəri Don Qarber Messini cəzalandırmağın çox çətin qərar olduğunu bildirib. “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano isə daha əvvəl açıqlamasında Messiyə istirahət verildiyini, Albaya isə xırda zədədən sonra bərpa üçün vaxt ayrıldığını söyləmişdi.
Klubun sahibi Xorxe Mas jurnalist Fabrizio Romanoya verdiyi açıqlamada, Messinin bu qərardan son dərəcə narazı olduğunu deyib: “O, çox məyus olub. Ümid edirəm ki, bu, üzərində uzunmüddətli təsir buraxmaz. Liqanın və qaydaların onun gözündəki imicinə təsir edəcəkmi? Şübhəsiz”.
Qeyd edək ki, hazırkı mövsümdə 38 yaşlı Messi MLS-də 18 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
