Olimpiada ərəfəsində korrupsiya qalmaqalı: Merin də adı hallanır
İtaliyada 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına yeddi aydan az vaxt qalıb.
Aut.az xəbər verir ki, hüquq-mühafizə orqanları tədbirə hazırlıqla bağlı mümkün korrupsiya faktlarını araşdırır.
Bu barədə “Inside the Games” yazıb.
Milan prokurorlarının Olimpiya kəndi də daxil olmaqla infrastruktur layihələrinin tikintisi üzrə tenderlər zamanı mümkün sui-istifadə halları ilə bağlı böyük araşdırma apardıqları bildirilir.
Təhqiqat Milanın mərkəzində və ətrafında inkişaf layihələrini, o cümlədən yüzlərlə idmançı və məmuru yerləşdirmək üçün nəzərdə tutulmuş Olimpiya kompleksini əhatə edir. Keçən həftə polis ofislərə və evlərə basqın edərək, altı həbs qərarı verib və bir podratçıdan 120 min avro nağd pul ələ keçirib.
İş kifayət qədər irimiqyaslıdır: 74 nəfər şübhə altındadır və ittihamlar korrupsiya, sənədlərin saxtalaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır. Müttəhimlər arasında maraqlar toqquşmasını gizlətməkdə və lisenziyalaşdırma orqanlarına təzyiq göstərməkdə şübhəli bilinən Milanın meri Cüzeppe Sala da var.
Sala ittihamları rədd edərək, istintaqın gedişini mediadan öyrəndiyini deyib. Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyanın şimalındakı Milanda, Kortina d’Ampezzoda və digər şəhərlərdə keçiriləcək.
Aut.az
