Dünya futbolu

Kafedə dava salan futbolçunu neçə il həbs gözləyir?

Rusiya millisinin sabiq hücumçusu Fyodor Smolov “Coffee Mania”da dava etdiyi üçün 8 ilə qədər həbs oluna bilər.

Aut.az xəbər verir ki, SHOT-un məlumatına görə, polis hazırda yaralı çelyabinskli biznesmen Vladimir Kuzminovun müayinəsinin nəticələrini gözləyir. Əgər dəymiş ziyan ciddi qiymətləndirilirsə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə cinayət işi açılacaq.

Kuzminov Çelyabinsk həkimlərinin gəldiyi nəticəni Moskvaya göndərməlidir. Bundan əvvəl zərərçəkənin üz sümüyündə sınıq olduğu bildirilirdi. Bu cür zərər hər hansı bir funksiyanın itirilməsinə səbəb olarsa, ciddi kimi təsnif edilə bilər.

Mənbənin sözlərinə görə, Smolov zərərçəkənə 5 milyon rubl ödəyəcəyini vəd etsə də, sonda cəmi 1 milyon pul köçürüb. Bundan sonra naməlum şəxslər onunla əlaqə saxlayaraq videonun internetə düşməməsi üçün daha da çox pul qoparmağa başlayıblar. Nəticədə futbolçu hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə ərizə verib.

Aut.az