Məşhur kluba lisenziya verilmədi – Dağılır
Kral Futbol İttifaqının (KNVB) Müstəqil Lisenziyalaşdırma Komitəsinin mətbuat xidməti məlumat verib ki, “Vitess” növbəti mövsümün büdcəsi barədə məlumat vermədiyi üçün Niderland çempionatına lisenziyanı itirib.
Aut.az xəbər verir ki, klub iyunun 24-ü yerli vaxtla saat 12:00-a qədər müvafiq sənədləri komitəyə təqdim etməli olsa da, bunu etməyib.
“Müstəqil Lisenziyalaşdırma Komitəsi iyulun 9-dan etibarən “Vitess” futbol klubunun lisenziyasını ləğv edib. Bu barədə bazar ertəsi klubdan məlumat verilib. Bank hesabının, mühasibin olmaması və klubun balanslaşdırılmış büdcəsini qoruya bilməməsi “Vitess”in 2024/2025-ci il mövsümü üçün lisenziyasını yeniləməsini qeyri-mümkün edir”, – mətbuat xidməti bildirib.
Növbəti mövsüm üçün lisenziyanın olmaması “Vitess”i dağılmaq təhlükəsi ilə üz-üzə qoyur. Artıq klubun rəsmi saytı “Vitess”in bu qərardan apellyasiya şikayəti verdiyi barədə məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl lisenziyalaşdırma komitəsi “Vitess”in səhmlərinin rusiyalı iş adamı Valeri Oifdən müstəqil fonda verilməsinə razılıq vermişdi. “Vitess” ötən mövsüm Niderland çempionatının lisenziya qaydalarına əməl etmədiyi üçün 18 xaldan məhrum olub. Klub 35 ildən sonra ilk dəfə Niderland futbolunun elitasını tərk edib.
Aut.az
