Mourinyo ulduz futbolçunun “Fənərbağça”ya transferinə əngəl oldu
Vinger Ceydon Sançonun “Fənərbağça”ya mümkün keçidi baş tutmayıb.
Aut.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.
Transferin baş tutmamasına səbəb baş məşqçi Joze Mourinyonun qərarı olub.
Mənbə yazır ki, portuqaliyalı mütəxəssis “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimlə futbolçunun davranışı və peşəkar yanaşması barədə məlumat aldıqdan sonra bu keçidin əleyhinə çıxıb. Portuqaliyalı mütəxəssis komandasında yalnız işinə ciddi yanaşan oyunçuları görmək istəyir və sadəcə pul üçün Türkiyəyə gəlmək istəyən, kluba sadiqlik hiss etməyən futbolçulara ehtiyac duymur.
Qeyd edək ki, Sançonun karyerasını İtaliyada davam etdirmək ehtimalı da var. “Napoli” və “Yuventus”un oyunçu ilə maraqlandığı bildirilir.
Ötən mövsümü vinger icarə əsasında “Çelsi”də keçirmişdi. O, Konfrans Liqasının qalibi olan komandanın heyətində bu turnirdə 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla belə, London klubu onu heyətdə saxlamaq istəməyib.
Aut.az
