“Qalatasaray”ın ulduzunu ölümlə hədələyən şəxs həbs edildi
“Qalatasaray”ın və İspaniya millisinin hücumçusu Alvaro Moratanı və ailəsini öldürməklə hədələyən 19 yaşlı gənc həbs edilib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
32 yaşlı futbolçu Millətlər Liqasının finalında penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün təhdidlərin hədəfi olub.
İyunun 24-də polis Malaqada bir gəncin onlayn hesabında nifrət dolu şərhlər yazdığı üçün həbs olunduğu təsdiqlənib.
Həmin şəxs əvvəlcə hesabının sındırıldığını bildirərək onlayn təhdidlərə görə məsuliyyətdən yayınmağa çalışıb.
“Şərhlərin müəllifi olduğunu gizlətmək üçün alibi axtaran şikayətçinin ifadələrindəki uyğunsuzluqlar, həmçinin kiber agentlər tərəfindən həyata keçirilən digər yoxlamalar sonda şübhəli şəxsi ifşa edib və o, qeyd olunan faktları etiraf edib”, – deyə polisin açıqlamasında bildirilir.
Xatırladaq ki, Alvaro Moratanın “Qalatasaray”da icarəsi 2026-cı ilin yanvarına kimi davam edəcək. Ancaq müqaviləsi “Milan”a məxsus olan futbolçu yay transfer pəncərəsi zamanı komandasını dəyişmək istəyir.
Aut.az
