Azərbaycan futboluManşet

Korrupsiyanın acı bədəli: “Neftçi” əlacsız duruma düşüb: Hamı rədd cavabı verir

Ardıcıl iki mövsüm fiaskoya uğrayan “Neftçi”nin düşərgəsində vəziyyət heç də yaxşı deyil. Uğursuzluqlardan sonra komandada təmizləmə əməliyyatı aparan “ağ-qaralar”ın transfer bazarında aktiv olacağı gözlənilsə də, bu baş vermir.

Aut.az-ın əldə etdiyi məlumata görə, buna səbəb klubun əvvəlki illərdə uğursuz idarə olunmasıdır. “Neftçi”nin səhv transfer siyasəti təkcə nəticələrə deyil nüfuzuna də təsir edib. Klubun ardıcıl ikinci il avrokuboklardan kənar qalması səbəbindən əcnəbi futbolçularda Bakı təmsilçisinə qarşı inamsızlıq yaranıb.

Artıq heç kim “Neftçi” ölkənin ən köklü, ən titullu klublarından biridir, yüksək hədəfləri var” sözlərini ciddiyə almır. Çünki nəticələr deyilənlərlə əks mütənasibdir.

Bundan başqa, əvvəlki illərdə transfer bazarında xərclənən böyük pullar “Neftçi”yə “yem” kimi baxanların sayını artırıb. Futbolçular və menecerlər paytaxt təmsilçisinin adını eşidən kimi böyük məbləğlər tələb edirlər. Klub rəhbərliyinin əvvəlki illərdə milyonları kimə və necə gəldi xərcləməsi belə bir təəssüratın yaranmasına səbəb olub. “Neftçi”nin nümayəndələri kimə “salam verirsə”, 3-4 dəfə artıq məbləğ tələb edir. Bu da klubun transfer bazarında uğursuz olmasına səbəb olur.

Bəziləri “ağ-qaralar”a pul gözü ilə baxır, bəziləri isə 3, 4 hətta 5-ci variant kimi nəzərdən keçirir. Hətta müqavilələri bitən bir neçə futbolçuya yeni sözləşmə təklif edilsə də, onlar bunu qəbul etməyib. Buna səbəb onların şişirdilmiş maaşlarının təqribən 2 dəfəyə qədər azaldılması barədə qərar verilməsidir.

Düşünə bilərsiz ki, “Neftçi”nin maliyyə problemi var. Əksinə, klubun bu il büdcəsi rekord həddə çatıb. Məbləğin 30 milyon manatı ötdüyü barədə informasiyalar var. Lakin son illərdəki uğursuzluq və son maliyyə hesabatından sonra media və ictimaiyyət tərəfindən tənqid hədəfinə çevrilmələri “Neftçi” rəhbərliyini suyu üfürə-üfürə içməyə məcbur edir. Güman edilir ki, bu mövsüm hazırkı rəhbərlik üçün sonuncu şansdır. Buna görə də səhv etmək istəmirlər. Lakin əvvəlki illərdə edilən kobud səhvlər onlara ciddi problem yaradır.

Artıq rəhbərlik vəziyyətlə bağlı Samir Abasovu məlumatlandırıb. Onunla fikir mübadiləsi aparılıb. Hazırda “Neftçi”nin heyətinə qatmaq istədiyi legionerlər var. Lakin Abasov belə vəziyyətdə çıxış yolunu əldə olan futbolçuların qorunmasında görür. Xüsusilə klubun yetirmələri olan Rza Cəfərov, İsmayıl Zülfüqarlı, Murad Məmmədov və Ağadadaş Salyanskiyə gələn çoxsaylı təkliflərə rəğmən baş məşqçi onlarına satılmaması barədə qərar verib. Onlar yeni mövsüm şans ala bilərlər.

Abasov rəhbərlikdən tələsmədən, səviyyəli və komanda daxilindəki vəziyyəti korlamadan transfer etməsini istəyib. Legionerlər olmasa belə, yerlilərə nəzər salınmasını xahiş edib. Bütün bu istəklərin qarşısında isə “Neftçi” rəhbərliyi acizdir. Çünki əvvəlki illərin səhvləri klubun nüfuzdan salıb və toparlanmaq çətin görünür.

Aut.az