Digər

Ukraynada idman jurnalisti həbs edildi: Rusiyaya işləyirmiş

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandıran rusiyayönlü 6 internet təşviqatçısını saxlayıb. Onlardan biri idman jurnalisti olub.

Aut.az xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, SBU ölkə daxilində Rusiya təbliğat şəbəkəsini aşkar edib, onun üzvləri işğalçılara dəstək verib, dezinformasiyalar yayıb.

Saxlanılanlardan biri də idman jurnalisti Kirill Stadniçenkodur. Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, “Telegram” kanallarında Rusiyanı genişmiqyaslı işğalın başlamasından sonra Ukrayna şəhərlərini bombalamağa və Kiyevi ələ keçirməyə çağırıb.

Kirill Stadniçenko “Sportivnaya qazeta”, “Ekonomiçeskie izvestiya”, UNIAN xəbər agentliyi, “Teleqraf” və “Çempion” internet saytlarında çalışıb. 2024-cü ilin yayında Stadniçenko Paris Olimpiya Oyunlarını hadisə yerindən işıqlandırıb.

Saxlanılan şəxs hazırda həbsdədir. Onu əmlakı müsadirə olunmaqla 8 ilə qədər həbs gözləyir.

Aut.az