Dünya futbolu

İllər sonra etiraf etdi: Özümü idarə edə bilmirdim

Braziliya yığmasının sabiq üzvü Adriano depressiyaya görə “İnter”dən ayrıldığını açıqlayıb.

Aut.az xəbər verir ki, Adriana bu barədə yerli mətbuata danışıb.

“Atam öldükdən sonra artıq “İnter” də oynamağa gücüm qalmadı. Bu hadisə məni o qədər incitdi ki, Braziliyaya qayıtmağa qərar verdim, çünki artıq özümü idarə edə bilmirdim və komandaya, komanda yoldaşlarıma zərər verə bilərdim. Atam həmişə ailəm üçün hər şeyi etdi, amma o getdi və mən qaldım. Bir kişi kimi ailəmə kömək etməli oldum, çünki onların mənə ehtiyacı var idi.

İnsanlar depressiyanın nə olduğunu başa düşmürlər, mən də hamı kimi eyni görünürdüm, amma deyildim. Hər kəsin özünəməxsus rəftar yolu var, mənim də öz yolum var idi. Ürəyimin və ağlımın dediyini etdim. İnsanların nə düşündüyü məni maraqlandırmır, dostlarım və ailəm seçimimi dəstəklədilər.

Mən Xavyer Zanetti və İvan Kordobaya çox yaxınam, “İnter”də mənə qardaş və ya oğul kimi yanaşırdılar. Marko Materatsi də eyni şeyi etdi, o, həmişə mənim yanımda olub. Bu insanlar məni “İnter”də saxlamaq üçün hər şeyi etdilər. İndi də onları eşitmək çox xoşdur”, – “İnter”in keçmiş hücumçusu deyib.

Aut.az