Hokkey

Məşqçidən analara əxlaqsız təklif: Övladlarını oynatmaq üçün

Çexiyanın “Prosteyov” hokkey klubu qalmaqalla gündəmə gəlib.

Aut.az xəbər verir ki, gənclər komandasının baş məşqçisi Filip Smeykalın oyunçulara meydanda daha çox vaxt vermək müqabilində bəzi hokkeyçilərin analarından intim münasibət tələb etdiyi iddia olunub. Bu barədə *sport.aktuality.sk* saytı məlumat yayıb.

Valideynlərin narazılığı kəskin xarakter alıb. Xeyli sayda valideyn klub rəhbərliyinə, şəhər merinə, bələdiyyə üzvlərinə və Çexiya Hokkey Assosiasiyasına müraciət ünvanlayıb.

Şikayətdə Filip Smeykalın peşəkarlığı şübhə altına alınır, onun qəbuledilməz davranışları qeyd olunur, habelə gündəlik olaraq təhqir və psixoloji təzyiq göstərdiyi bildirilir.

Valideynlər onu həmçinin hokkeyçilərin anaları ilə sistemli şəkildə yazışmalarda ittiham edirlər. Müraciətdə məşqçinin analara açıq-saçıq və yolverilməz mesajlar göndərməsi sübutlarla təqdim olunub. Mesajlara məşqçiyə aid şəxsi və intim fotolar, o cümlədən cinsiyyət orqanının şəkilləri də əlavə olunub.

Valideynlər şikayət etsələr də, məsələyə klub tərəfindən reaksiya verilmədiyini bildirirlər. Onların sözlərinə görə, bu cür şikayətlərdən sonra klub nəinki tədbir görmür, əksinə, həmin valideynləri məsxərəyə qoyur, daha sonra isə uşaqlarını cəzalandırır,  komandadan kənarlaşdırır, məşqlərdə görməzdən gəlir və ya kənarda saxlayır.

Klubun gənclər bölməsinin rəhbəri Martina Markova ittihamları rədd edib. Filip Smeykal isə hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, “Prosteyov” hokkey klubu 2016-cı ildə yaradılıb və hazırda Çexiya çempionatının güc baxımından üçüncü divizionunda çıxış edir.

Aut.az