Dünya futbolu

Ançelottinin Braziliya millisinə keçidi qanunsuzdur? – FİFA araşdırmaya başladı

FİFA Braziliya millisinin baş məşqçisi postuna təyin olunan italyan mütəxəssis Karlo Ançelottinin müqaviləsi ilə bağlı araşdırmaya başlayıb.

Aut.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Planetin ali futbol qurumu artıq Braziliya Futbol Konfederasiyasını (CBF) mümkün qayda pozuntusuna görə araşdırma aparılması barədə məlumatlandırıb. Söhbət Ançelottinin işə götürülməsi zamanı futbol agentləri ilə bağlı qaydaların pozulmasından gedir. İddialara görə, məşqçinin “Real”dan Braziliya millisinin sükanı arxasına keçidində vasitəçilik edən biznesmen Dieqo Fernandesə 1,2 milyon avro komissiya ödənilib.

FİFA-nın məktubunda qeyd edilir: “Görünür, hazırda fərdi lisenziyası olmayan Dieqo Fernandes həm CBF-yə, həm də Karlo Ançelottiyə agent xidməti göstərib. Bu isə FİFA-nın futbol agentlərinin fəaliyyəti ilə bağlı qaydalarının mümkün pozuntusudur”.

Qurum bu məsələ ilə bağlı CBF-dən aşağıdakı məlumatları təqdim etməyi xahiş edib:

  • məsələ ilə bağlı qısa izah, xüsusilə Dieqo Fernandesin müqavilənin bağlanmasındakı rolu;
  • bu müqaviləyə dair istənilən yazışma (e-poçt, SMS, WhatsApp mesajları və s.);
  • CBF tərəfindən müqavilə çərçivəsində edilən ödənişlərin surəti;
  • CBF ilə Dieqo Fernandes arasında imzalanan istənilən razılaşma.

Öz növbəsində, Dieqo Fernandes artıq açıqlama yayıb. O bildirib ki, sadəcə məsləhətçi qismində çıxış edib və vasitəçilik üçün “ədalətli ödəniş” almaq məqsədilə FİFA-da qeydiyyatdan keçmək niyyətindədir.

Onun bəyanatında deyilir: “CBF ilə Karlo Ançelottinin işə götürülməsi ilə bağlı imzalanan müqavilə CBF və FİFA-nın bütün qaydalarına tam uyğundur və müvafiq qurumların tələblərinə əməl edilməsini açıq şəkildə nəzərdə tutur. Bu səbəbdən məsələ ilə bağlı irəli sürülən suallar əsassızdır və tezliklə aydınlaşdırılacaq. Əsas odur ki, müqavilədə Dieqo Fernandesin məsləhətçi kimi çıxış etdiyi göstərilib və vasitəçilik ödənişini yalnız FİFA tərəfindən futbol agenti kimi qeydiyyatdan keçdikdən sonra ala bilər. Danışıqlar qısa vaxtda baş tutduğundan FİFA-da qeydiyyatdan keçmə prosesi ilə uyğun gəlmirdi. Buna görə də Fernandes yaxın zamanda qeydiyyatdan keçərək vasitəçiliyə görə haqq almaq niyyətindədir”.