Formula 1

Yeni qaydalara qarşı çıxdı: Banan atmağa başlamalıyıq

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen ilk dəfə Monako Qran Prisində tətbiq edilən iki pit-stop tələb olunan yeni qayda haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, 27 yaşlı niderlandlının sözlərini “Motorsport” nəşri sitat gətirib.

Ferstappen rəhbərliyin Monako Qran Prisini daha maraqlı etmək cəhdini Mario Kart oyunu ilə müqayisə edərək ideyanın uğursuzluğa düçar olduğunu düşünür.

“Əlbəttə, mən onları başa düşürəm, amma bunun işlədiyini düşünmürəm. Onsuz da burada rəqabət apara bilməzsiniz, ona görə də nə etdiyinizin fərqi yoxdur. İstər bir dayanacaq olsun, istərsə də on dayanacaq.

Hətta yarışın sonunda lider idim, təkərlərim tamamilə köhnəlmişdi, amma yenə də məni keçə bilmədilər. Düşünürəm ki, indiki vaxtda Formula 1 bolidin varsa, burada ancaq Formula 2 bolidini ötmək olar.

Mario Kart ilə demək olar ki, eyni şeyi etdik. Bəlkə banan atmağa başlamalıyıq”, – Ferstappen deyib.

Mayın 25-də Mona-Karloda yarış baş tutub və “Maklaren” sürücüsü Lando Norris qazanıb. Bu , sürücülərdən ən azı iki pit-stop etməyi tələb edən yeni qayda əsasında keçirilən ilk yarış idi.

Aut.az