Ulduz idmançının şikayəti rədd edildi: 4 ilik qadağa qüvvədə qaldı
Tanınmış kolumbiyalı velosipedçi Migel Anxel Lopesin dörd illik dopinq qadağasına qarşı apellyasiya şikayəti rədd edilib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Lopes 2022-ci ilin mayında “Giro d’İtalia” yarışı zamanı qadağan olunmuş menotropin dərmanına sahib olmaqda və istifadə etməkdə təqsirli bilinib. 2023-cü ilin iyulunda kolumbiyalı 4 il müddətinə diskvalifikasiya edilib.
2024-cü ilin may ayında o, Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS ) apellyasiya şikayəti verdi, lakin rədd edildi. CAS Beynəlxalq Velosipedçilər İttifaqının (UCI ) idmançını dörd il müddətinə diskvalifikasiya etmək qərarını qüvvədə saxladı. Onun müddəti 2027-ci ilin iyulunda, Lopesin 33 yaşı olanda başa çatacaq.
Kolumbiyalı karyerası ərzində yeddi dəfə Qrand Turlarda ilk 10-luğa daxil olub, o cümlədən 2018-ci ildə “Giro d’İtalia” və “Vuelta” yarışlarında üçüncü olub. O, İsveçrə Turu və Katalunya Turu kimi bir həftəlik çoxgünlük nüfuzlu yarışların qalibidir.
Aut.az
