Nazir 2 il sonra “Liverpul” azarkeşlərindən üzr istədi: Günahı onlara yüklədim
Fransanın keçmiş daxili işlər naziri Jeral Darmanen 2022-ci ildə Parisdə keçirilmiş Çempionlar Liqasının finalı zamanı “Stad de Frans” stadionunda baş verən xaosda “Liverpul” azarkeşlərini haqsız yerə günahlandırdığı üçün üzr istəyib.
Aut.az xəbər verir ki, Darmanen məsələ ilə bağlı ESPN-ə açıqlamasında deyib:
“O axşam tam anlamadığım şey, əsl problemin ingilis azarkeşlərindən qaynaqlanmadığı idi. Baş verənləri kifayət qədər araşdırmadan, səhvən öncədən formalaşmış fikirlərə uyaraq günahı onlara yüklədim… Günahkarı göstərmək asan idi. ‘Liverpul’ azarkeşlərindən üzr istəyirəm. Əlbəttə, onların narazı qalmaq haqqı vardı”.
Qeyd edək ki, 2022-ci ilin mayın 28-də keçirilmiş “Real” – “Liverpul” (1:0) final matçından öncə Fransanın hüquq-mühafizə orqanları biletsiz şəkildə stadiona daxil olmağa çalışan azarkeşlərə qarşı gözyaşardıcı qaz tətbiq etmişdi. Təhlükəsizlik problemləri səbəbindən oyun 37 dəqiqə gec başlamışdı.
Aut.az
