Qaydasız döyüş

İdman faciəsi: 18 manatlıq ölüm – VİDEO

Braziliyada döyüş sənəti aləmində böyük qalmaqal yaranıb.

Aut.az xəbər verir ki, UFC tərzində qeyri-qanuni döyüşün üç təşkilatçısı gənc idmançının ölümündən sonra qəsdən adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

23 yaşlı Joao Viltor Penya 2023-cü ilin oktyabrında Seara əyalətinin Jijoka de Jerikoaloara şəhərində baş verən döyüş zamanı nokauta düşərək ölüb.

Prokurorlar deyirlər ki, təşkilatçılar əsas təhlükəsizlik qaydalarına məhəl qoymayıblar. Döyüşçü qəfəsə dəbilqə, ağız qoruyucusu və ya əvvəlcədən tibbi müayinədən keçmədən daxil olub.

“Bu, təşkilatçıların kobud səhlənkarlığı idi. Onlar heç bir təhlükəsizlik təlimatına əməl etmədən idmançı üçün ölümcül təhlükə yaradıblar”, – deyə prokuror Laua Ouçoa deyib.

“The Sun”un məlumatına görə, Joaonun mübarizə aparmağa razılaşdığı məbləğ qalib üçün 16 (36 AZN), məğlub üçün isə 8 (18 AZN) funtdur.

Joao çənəsindən ölümcül zərbə alıb, huşunu itirib və təcili xəstəxanaya yerləşdirilib. İki gün sonra onun öldüyü elan edilib. Rəsmi olaraq ürək dayanması nəticəsində beyin ölümü keçirdiyi bildirilib.

Adi həyatında Viktor Atlantik okeanın sahilində yerləşən bir oteldə HR meneceri işləyirdi. O, böyük idman karyerası qurmaq arzusunda idi.