PSJ-ni hədələdi: Kambeklərlə bağlı böyük təcrübəm var
“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/4 finalında PSJ ilə ev matçı ilə bağlı gözləntilərini bölüşüb.
Komandalar arasında Parisdə keçirilən ilk oyun 3:1 hesabı ilə Fransa klubunun xeyrinə başa çatıb.
Aut.az xəbər verir ki, Emeri bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.
“Məqsədimiz plana sadiq qalmaq, 90 dəqiqə ərzində ardıcıl olmaqdır. Biz “Brügge” ilə oynayanda əlavə vaxta hazır idik. Planımız odur ki, oyunu əlavə vaxta və ya penaltilər seriyasına apara bilsək, bu, əla olardı.
Kambeklərlə bağlı böyük təcrübəm var. Müsbət və mənfi. Amma indi hər şey başqadır. Biz “Aston Villa”da tarix yazmaq istəyirik. Keçən il Konfrans Liqasında, bu il Çempionlar Liqasında və inşallah uzun illər Avropa yarışlarında.
PSJ-nin səfər oyunlarında böyük təcrübəsi var, lakin biz taktiki və fərdi şəkildə yaxşı olsaq, azarkeşlərimiz enerjilərini bizə ötürəcəklər”, – Emeri bildirib.
Komandalar arasında görüş aprelin 15-də Birmingemdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
