Tramp zəng etdi, ruslar sevinirlər: Sanksiyalar götürüləcək?
Rusiya Dövlət Dumasının deputatı, olimpiya çempionu Svetlana Jurova Rusiya idmançılarının dövlət bayrağı və himni altında beynəlxalq yarışlarda iştirakına icazə verilməsinin perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, deputat ABŞ prezidenti Trampın Rusiya lideri Putinə zəng etməsindən sonra bu ehtimalın artdığını iddia edib.
“Bu məsələdə birbaşa əlaqə var. Putin və Tramp Ukraynadakı vəziyyətin nizamlanması mövzusuna toxunduqlarına görə, Rusiya idmanına qarşı sanksiyaların tezliklə ləğvini gözləməliyik.
Dövlətə qarşı sanksiyaların ləğvi bütün sahələrdə, o cümlədən idmanda sanksiyaların ləğvini nəzərdə tutur. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bizə qarşı iddiaları isə müstəsna olaraq Ukraynanın Rusiyaya qarşı iddialarına aiddir. Bu iddia sülh müqaviləsi ilə həll olunanda, o zaman BOK-un bizə təqdim edəcəyi heç nə qalmayacaq və Ukrayna nə desə də, Rusiya idmançıları beynəlxalq yarışlara tam şəkildə qaytarılacaq. Tədricən, idman yarışları vasitəsilə insanlar aralarındakı münaqişədən sonra barışacaqlar”, – deyə Jurova “Vseprosport.ru” saytına müsahibəsində deyib.
Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub, onlar Ukraynadakı vəziyyətin nizama salınmasını müzakirə ediblər.
Aut.az
