“Siti” azarkeşləri onu belə motivasiya ediblər – FOTO
“Real”ın hücumçusu Vinisius Junior Çempionlar Liqasının ilk pley-off matçında “Mançester Siti” üzərində qələbədən (3:2) sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, iki məhsuldar ötürmə edib matçın ən yaxşı oyunçusu seçilən braziliyalı vinger rəqib azarkeşlərin onun əleyhinə açdığı xoreoqrafiyadan güc aldığını bildirib:
“Yaxşı idi, əla oyun göstərə bildim, çox yaxşı müdafiə olunduq və kimin qol vurmasının və ya matçın yaxşısı olmasının fərqi yoxdur. Biz bu forma üçün böyük işlər görmək və “Real”ı ən yüksək yerə çıxarmaq üçün buradayıq.
Mən “Mançester Siti” azarkeşlərinin pankartını gördüm və bu, məni daha da həvəsləndirdi. Rəqib azarkeşləri həmişə mənə gözəl oyun oynamaq üçün daha çox güc verirlər”.
Qeyd edək ki, oyun başlamazdan əvvəl “Siti” azarkeşləri futbolçunun əldən buraxdığı “Qızıl top”a işarə edərək “Hönkürtü ilə ağlamağı dayandır” sözləri və Rodrinin mükafatı qazanmasını əks etdirən xoreoqrafiya açıblar.

