Özbək qrossmeyster hindistanlı rəqibinin əlini sıxmadı: Səbəb bəllidir -FOTO
Özbəkistanlı qrossmeyster Nodirbek Yakubboev “Tata Steel Challengers”in 4-cü raundunda hind şahmatçısı Rameşbabu Vaişali ilə dini səbəblərə görə əl sıxmayıb.
Aut.az xəbər verir ki, Nodirbek sosial şəbəkədə bunun səbəbini belə izah edib:
“Vaişali ilə oyunda baş verənlərə aydınlıq gətirmək istəyirəm. Qadınlara və hind şahmatçılarına dərin hörmətlə, hər kəsə bildirmək istəyirəm ki, dini səbəblərdən başqa qadınlara toxunmuram. Hindistanın ən güclü şahmatçıları kimi Vaişali və onun qardaşına hörmət edirəm. Əgər davranışım onu incitdisə, üzr istəyirəm.

Daha əvvəl etdiklərimi (2023-cü ildə Divya ilə oyunu və buna bənzər halları nəzərdə tuturam) özüm üçün yanlış hesab edirəm. Mən etməli olduğum şeyi edirəm. Mən təkid etmirəm ki, başqaları əks cinsin nümayəndələri ilə əl sıxmasın, qadınları hicab və ya burqa geyinsin. Yox, bu, onların öz işidir.
Bu gün mən bu barədə İrina Bulmaqa danışdım. O razılaşdı. Amma oyun zalına gələndə hakimlər jest olaraq nəsə etməli olduğumu bildirdilər. Divya və Vaişali ilə oyunlarda bu barədə onlara oyundan əvvəl deyə bilmədim və yöndəmsiz vəziyyət yarandı”.
2023-cü ildə Əbu-Dabidə keçirilən turnirdə Yakubboev hind şahmatçısı Divya Deşmuxla əl sıxıb.
Aut.az
