İtaliya klubu bir gündə iki baş məşqçini qovdu
İtaliyanın “Pyaçentsa” klubu qalmaqallı Simone Bentivoqlionu baş məşqçi təyin edib. Qeyd edək ki, Bentivoqlio oktyabrın 7-dən klubda çalışan Karmin Parlatonu əvəzləyib.
Aut.az xəbər verir ki, Bentivoqlio səhər məşqinə gəlsə də, onun rəhbərliyi altında çalışmayacaqlarını bildirən futbolçuların müqaviməti ilə üzləşib.
“Ansa”nın məlumatına görə, 2011-ci ildə Simone Bentivoqlio bukmeker qalmaqallarında iştirak etdiyi üçün 13 ay müddətinə diskvalifikasiya edilib. Bu səbəbdən futbolçular etiraz aksiyasına başlayıblar və buna azarkeşlər də qoşulub. Azarkeşlər, mübahisəli məşqçi postunda qalarsa, klubu iğtişaşlarla hədələməyə başlayıblar.
Artıq günortadan sonra “Pyaçentsa” rəhbərliyi Simone Bentivoqlionu işdən çıxarıb, bir neçə saat sonra isə oktyabrın 7-də qovduğu Stefano Rossini təyin edib.
Beləliklə, klub bir gündə həm Karmin Parlatonu, həm də Simone Bentivoqlionu işdən çıxarıb.
Aut.az
