Bekhemin xanımı çətin günlərini xatırladı: Ancaq bir-birimizə sahib idik…
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemin həyat yoldaşı, müğənni Viktoriya Bekhem millinin 1998-ci il dünya çempionatındakı uğursuz çıxışından sonra ailədəki vəziyyəti xatırlayıb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Həyatımızın ən çətin dövrü 1998-ci ildə Fransada keçirilən dünya çempionatından sonra oldu. Həyat yoldaşımı uduzduğuna görə tənqid edilirdi. 22 yaşlı oğlan üçün bu çox çətindir. Siz bu işə qarışdığınız zaman batdığınızı, yoxsa üzdüyünüzü bilmirsiniz. Sadəcə olaraq bütün bunlardan keçməyə davam edirsiniz. Ancaq bir-birimizə sahib idik, qalanı isə tarixdir”.
Devid Argentina millisi ilə dünya çempionatının 1/8 finalında (2:2, penaltilər 3:4) oyun dayandırıldıqdan sonra ona qarşı kobudluq edən hücumçu Dieqo Simeoneyə zərbə endirdiyi üçün meydandan qovulub. Bundan sonra İngiltərə mətbuatı millinin DÇ-1998-i tərk etməsində Bekhemi günahlandırıb.
Devid 1996-2009-cu illərdə yığmada çıxış edib. O, millisində 115 oyun keçirib, 17 qol vurub və 42 məhsuldar ötürmə verib. Futbolçu peşəkar karyerasını 2013-cü il mayın 16-da başa vurub.
Aut.az
