İngiltərə

Premyer Liqada hakim biabırçılığı: Oyun təkrar keçirilə bilər

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeşin aldığı qırmızı vərəqə ləğv edilib.

Aut.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin Premyer Liqanın son turunda meydandan qovulması yanlış hesab edilib. 30 yaşlı oyunçu “Tottenhem”lə ev matçında meydandan qovulmuş, komandası 0:3 hesabı ilə uduzmuşdu.

Bruno müsahibəsində qərarın yanlış olduğunu dilə gətirmiş, klubu isə apellyasiya şikayəti vermişdi. İngiltərə Futbol Assosiyasıyası mübahisəli epizoda yenidən baxaraq 3 oyunluq cəzanı ləğv edib.

İndi isə mançesterlilər matçın yenidən keçirilməsini tələb etmək niyyətindədir. Fernandeşə göstərilən qırmızı vərəqənin yanlış olduğu dəqiqləşəndən sonra bu qərarın matçın nəticəsini müəyyənləşdirdiyini iddia edən “qırmızı şeytanlar” 0:3-ün ləğv olunmasını, “Tottenhem”lə görüşün təkrar keçirilməsini istəyəcək.

Qeyd edək ki, Bruno Fernandeş karyerasında ilk dəfə qırmızı vərəqə almışdı. Ləğv edilmədən sonra onun nizam-intizamlı oyun seriyası davam edəcək.