İngiltərə

Adı “Real”la hallanan futbolçu: Kapitan olmaq istəyirəm

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold Mersisayd klubundakı gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Real”a keçəcəyi ilə bağlı iddialara belə münasibət bildirib:

“20 ildir bu klubdayam. 4-5 dəfə müqaviləmi yeniləmişəm və bu, heç vaxt açıqlanmayıb. Növbəti dəfə də belə olacaq. Ən azı bu mövsüm “Liverpul”un oyunçusu olmaq istəyirəm.

Həmişə demişəm ki, bu klubun kapitanı olmaq istəyirəm. Bu, mənim məqsədimdir. Bunun baş verib-verməməsi mənim iqtidarımda deyil.

Həmişə ən vacib titullardır. Çoxlu kubok qazanmaq istəyirəm. Mən həmişə bununla çox motivasiya olmuşam. Keçən mövsüm çempionluğa, hətta hansısa məqamda 4 titulun hamısına iddialı idik.

Bu mövsüm yaxşı görünürük. Bəli, mövsüm yeni başlayıb, ardıcıllıq nümayiş etdirib, rəqibləri məğlub etməliyik. Çətin olacaq, lakin biz mümkün qədər çox kubok qazanmaq istəyirik”.

Qeyd edək ki, 25 yaşlı futbolçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun həmin vaxt azad agent statusu ilə “Real”a keçəcəyi iddia olunur.