Boks

Parisə məşqçisiz gedən bu türk dövlətinin boksçusu tarix yazdı

Qırğızıstanlı boksçu Munarbek Seyitbek adını Qırğızıstan boksunun tarixinə yazıb.

Aut.az xəbər verir ki, bu, Parisdə keçirilən Olimpiadada baş verib. Munarbek Oyunlara məşqçi Beqanas Sultanbayevsiz gedib və ölkəsinə ilk dəfə boks üzrə medal qazandırıb.

Munarbek Seyitbek finala yüksəlib və burada özbək Abdumalik Xalokova uduzub. Bu zaman qırğızıstanlı idmançının məşqçisi döyüşü yaşadığı yataqxanadan izləyib.

Seyitbeki 20 il çalışdıran Beqanas Sultanbayev akkreditasiya ala bilmədiyi üçün Parisə gedə bilməyib. Məsələ burasındadır ki, boksçu Oyunlara lisenziyanı iyun ayında əldə edib, həmin vaxt isə akkreditasiya üçün müraciət müddəti bitmişdi.

Maraqlıdır ki, finala qədər keçirilən üç döyüşdə Seyitbeki özbək məşqçi Akmal Xasanov təlimatlandırıb. Finalda məhz onun öz yetirməsi döyüşdüyü üçün Xasanov Munarbekə kömək edə bilməyib.

Finalda Munarbek Seyitbekə Qırğızıstanın Bədən Tərbiyəsi və İdman Departamentinin direktoru dəstək olub.

Aut.az