Paris-2024-ün açılış mərasiminin videoları necə yoxa çıxıb?
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən fraqmentlərin əks olunduğu videoların yoxa çıxmasında iştirakının olmadığını bildirib.
Aut.az xəbər verir ki, bu barədə qurum bir sıra media orqanlarının sorğusuna cavab olaraq bildirib:
“BOK rəqəmsal hüquqları yalnız müəyyən qlobal bazarlarda saxlayıb. Xüsusilə, BOK-un Avropa və Böyük Britaniyada rəqəmsal hüquqları yoxdur. Belə ki, rəsmi Olimpiya obyektləri və ərazilərindən olan videolar coğrafi olaraq bu bazarlardan bloklanır və bu, videolara baxmaq mümkün olmur. Onlar silinməyib”.
Xatırladaq ki, Paris Olimpiadasının açılışı bir sıra təxribat xarakterli epizodlara görə ciddi tənqid edilib. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyasına görə dindarlara hörmətsizlikdə günahlandırılıblar.
Parisdəki Oyunların açılış mərasimi bir sıra qalmaqallarla da yadda qalıb. Parisdəki yarışın açılış mərasimində Olimpiya bayrağı bayraq dirəyinə tərs asılıb. Stadionda diktorlar parad zamanı Cənubi Koreyadan olan idmançıları KXDR təmsilçiləri kimi elan ediblər.
Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
