Agenti ilə əlaqə saxladılar: “Bavariya”nı “Yunayted”ə dəyişməyə razıdır
“Mançester Yunayted” “Bavariya”nın mərkəz müdafiəçisi Matthias de Liqt ilə müqavilə bağlamağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin məlumatına görə, ingilis klubunun nümayəndələri sövdələşmənin detallarını razılaşdırmaq üçün holland müdafiəçinin agenti ilə əlaqə saxlayıblar. Həmçinin qeyd olunur ki, de Liqt karyerasını “Mançester Yunayted”də davam etdirməyin əleyhinə deyil.
Daha əvvəl transfer məbləğinin təxminən 50 milyon avro ola biləcəyi bildirilirdi.
Xatırladaq ki, ötən mövsüm de Liqt bütün turnirlərdə 30 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.
Aut.az
