Məşhur futbolçudan etiraf: Alkoqolikəm, cəhənnəmin qapılarını döydüm
“İnter”, “Porto” və Kolumbiya millisinin sabiq yarımmüdafiəçisi Fredi Quarin içki asılılığından danışıb.
Aut.az xəbər verir ki, 2021-ci ildə karyerasını bitirən 37 yaşlı Quarin alkoqolik olduğunu etiraf edib.
“Mən 100% alkoqolikəm və bunu etiraf edirəm. Asılılığım var, amma sağalma yolundayam.
Karyeramın bir nöqtəsində diqqətimi yayındırdım və içməyə başladım. Çox səhv etdim və səhv qərarlar verdim. Ailəm və dostlarım da daxil olmaqla bir çox insanı incitmişəm.
2021-ci ildə Kolumbiyanın “Millonarios” klubunu tərk edəndə alkoqol asılılığım kəskinləşdiyi üçün dibə düşdüm. Övladlarım qarşısında ləyaqətimi, hörmətimi itirmişəm. Artıq belə davam edə bilmədim və peşəkar kömək istəməli oldum.
Cəhənnəmin qapılarını döydüm. İndi hansı yolun doğru, hansı yolun yanlış olduğunu bilirəm. Mənim iki qorxum var: ölüm və həbsxanaya düşmək. Amma özüm də bilmədən ölüm hökmündə yaşayırdım. Sərxoş olanda risk aldığımın fərqində deyildim. Çoxlu dostlarımı itirdim, amma başqaları mənə yaxın qaldı. İndi mən bilirəm ki, mənim əsl dostlarım kimlərdir, onlar məni sağlamlığa qaytarmaq istəyirlər. Falkao, Xames Rodriges, Ospina və digər komanda yoldaşlarım çətin anlarımda yanımda olublar. Digərləri bir söz demədən yoxa çıxdılar. Onlar əsl dost deyildilər” – sabiq futbolçu deyib.
Aut.az
